“Bakı Ekspo” mərkəzində Böyük Britaniyanın “ITE Group” şirkəti və onun Azərbaycandakı tərəfdaşı “Iteca Caspian LLC” şirkəti tərəfindən təşkil olunan 17-ci Azərbaycan beynəlxalq “İnşaat” (“BakuBuild-2011”) sərgisi öz işinə başladı. Sərgidə Azərbaycan, Çin, Koreya, Polşa, BƏƏ, Rusiya, ABŞ və digər ölkələrdən 317 şirkət iştirak edir.
Sərginin təntənəli açılışı mərasimində çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Vitse-prezidenti cənab Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatının sabit inkişafını və ölkəyə xarici şirkət və sərmayələrin axın etməsinə kömək edən beynəlxalq sərgilərin aktuallığını qeyd etdi. Bu il keçirilən tədbirin 20 faizlik atım nümayiş etdirməsi ona beynəlxalq səviyyədə ehtiyac duyulduğunu və onun potensialının sürətlə artdığını göstərir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bütün inşaat sənayesinin ümumi inkişafı üçün səciyyəvi olan və bir çox məsələlərin həllini ehtiva edən dörd istiqaməti özündə birləşdirən bu sərginin keçirilməsini əhəmiyyətini qeyd etdi. Dövlətin infrastrukturunun möhkəmləndirilməsi prosesinin sabitliyi və bununla əlaqədar olaraq inşaat sahəsinin əhəmiyyətinin artması geniş məlumat mübadiləsini və Azərbaycana sərmayə axınını təmin edən dəyərli beynəlxalq forumların keçirilməsi zərurətində özünü büruzə verir.
Öz çıxışlarında “ITE Group plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon ilk növbədə bütün Azərbaycan xalqını ölkə müstəqilliyinin 20 illik yubileyi münasibətilə təbrik etdi və iştirakçılara uğurlu fəaliyyət və mühüm işgüzar müqavilələrin imzalanmasını arzuladı.
Sərginin rəsmi açılış mərasimindən sonra keçirilən VİP-tur bu ilki “BakuBuild” sərgisinin miqyası və rəngarəngliyini bütün əzəməti ilə qiymətləndirməyə imkan verdi. Geniş pavilyonlarda dünyanın 26 ölkəsindən gəlmiş inşaatçı, dizayner, istehsalçı və sahibkarlardan ibarət nəhəng korporativ kollektivi yerləşdirmək mümkün oldu. Fərdi stendlərlə yanaşı, “BakuBuild” sərgisində Almaniya, İtaliya, Finlandiya, İran və Portuqaliyanın 5 kollektiv ekspozisiyası da təqdim edilir.
Bu sərgi şəhərsalma təmayülləri ilə əlaqədar olan müasir və gələcək layihələr aləminə səyahət etmək və inşaat sahəsində, habelə inşaat materiallarının istehsalı, tətbiqi və istismarı sahələrində nadir texnologiyalar və yeni həll variantları ilə tanış olmaq imkanı yaradır.
“BakuBuild-2011” sərgisinin universallığı ondan ibarətdir ki, burada hər kəs özünə lazım olanı tapa bilər: ziyarətçilər inşaat və təmir üçün lazım olan hər şey, o cümlədən mütəxəssis məsləhətləri, sahibkarlar isə əlaqədar sahələrdə tərəfdaşlığa ehtiyac duyan şirkətlərlə səmərəli əməkdaşlıq üçün şəraitlə təmin olunacaq. Sözsüz ki, İnnovasiyalar ərazisi böyük maraq doğurur - burada təkcə sıravi ziyarətçiləri deyil, həm də inşaat sahəsinin peşəkarlarını müasir texnologiyalar və özünəməxsus layihələr aləminin yenilik və sürprizləri gözləyir.
Stendlərdə bir qayda olaraq eksponent müəssisənin baş mütəxəssisləri iştirak edir və ona görə də onların rəyi və savadlı məsləhətləri stendlərə fəal maraq göstərən yüzlərlə ziyarətçi üçün əla tövsiyə kimi xidmət göstərə bilər. Seminarlar, təqdimatlar və ustad dərslərini (“master-klaslar”) əhatə edən zəngin işgüzar proqram da bir çoxlarını özünə cəlb edir.
Sərgi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Memarlar İttifaqı, habelə Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.
“BakuBuild-2011” sərgisi ilə eyni vaxtda 9-cu Xəzər beynəlxalq “Mebel, interyer və dizayn” (“Caspian MebelExpo-2011”) sərgisi, 3-cü Beynəlxalq “İstilİk, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji” (“AquaTherm Baku”) sərgisi və 4-cü Xəzər beynəlxalq “Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri” (“CIPS”) sərgisi keçirilir. Beləliklə, regionun əsas inşaat forumu mebel sənayesinin inkişaf təmayülləri, sanitariya texnikası sənayesi və su avadanlığı sahəsində mövcud olan innovasiyalar, habelə yüksək texnologiyalı mühafizə vasitələrinin istehsalı sektorunun ən yeni təkmilləşdirmələri üzrə korporativ ekspozisiya dəstləri ilə məqsədəuyğun şəkildə tamamlanır.
Sərgilər öz işini 22 oktyabr tarixinə qədər davam etdirəcək.